Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Avropada yaşanan maliyyə böhranı fonunda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əsas məqsədi qazanmaq deyil, əldə etdiyi valyuta ehtiyatlarını qoruyub stabil saxlamaqdır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, indiyədək ARDNF bir dəfə də olsun belə vəsait itkisi ilə üzləşməyib və hətta qlobal maliyyə böhranı dövründə Fond az da olsa, gəlir əldə edib: «Bu gün ən vacib məsələ qazanmaq deyil – əldə olunan vəsaiti qoruyub saxlamaqdır ki, bunun da öhdəsindən Fond asanlıqla gəlir».
Ş.Mövsümov həmçinin xatırladıb ki, hazırda ARDNF-in valyuta ehtiyatları 50%-i ABŞ dollarında, 40%-i avroda, 5%-i ingilis funt sterlinqində, qalan 5%-i isə digər valyutalarda (Avstraliya dolları, Rusiya rublu və türk lirəsi) saxlanılır.
Fondun dövlət büdcəsinə transfertlərindən və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsindən söz açan Ş.Mövsümov onu da qeyd edib ki, ARDNF 2013-cü il ərzində də bir sıra layihələrin maliyyələşdirilməsini davam etdirəcək, o cümlədən yeni layihələrə vəsait ayıracaq. Yeni layihələrin misalı olaraq Ş.Mövsümov Azərbaycanın Türkiyədə inşa etdiyi «Star» neft emalı zavodu, TANAP layihəsi, ölkədə yaradılacaq Neft-Qaz və Neft-Kimya Kompleksinin, Xəzər dənizində yeni üzən qurğunun tikintisi kimi layihələrin maliyyələşdirilməsini qeyd edib: «Eyni zamanda, biz qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması istiqamətində və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsini davam etdirəcəyik. Onu da qeyd edim ki, əgər 2012-ci ildə Dövlət Proqramı çərçivəsində Fond tərəfindən 20 mln. manat məbləğində vəsait ayrılmışdırsa, 2013-cü ildə vəsaitin həcmi 34 mln. manat təşkil edəcək».