Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, Ş.Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, "Cənub Qaz Dəhlizi" layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində fəaliyyəti və bu məqsədlə ölkə prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya tərəfindən görüləcək işlər, ölkədə mövcud iqtisadi islahatlar, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar, ölkə prezidenti tərəfindən təsdiqlənmiş “Strateji Yol xəritələri” barədə məlumat verib və qonaqları maraqlandıran sualları cavablandırıb.
Görüşdə həmçinin Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-nin bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.