Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) sərmayə yatırdığı "BREP Europe V" və "SOF XI" fondları bu ildən investisiya qoyuluşuna başlayacaq. "APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
"ARDNF 2016-cı ildə "Blackstone" şirkəti tərəfindən idarə olunan "BREP Europe V" fonduna 100 mln. avro və "Starwood" şirkəti tərəfindən idarə olunan "SOF XI" fonduna 200 mln. dollar məbləğində investisiya yatırılmasına dair razılıq əldə edib. Hər iki fond investisiya qoyuluşuna 2017-ci ildən başlayacaq", - deyə hesabatda vurğulanıb.
Xatırladaq ki, 2016-cı ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfelinə AXA şirkəti tərəfindən idarə olunan PEVAV, PGİM şirkəti tərəfindən idarə olunan EVP və ASPF III, PAG şirkəti tərəfindən idarə olunan PREP, "Redwood" şirkəti tərəfindən idarə olunan RJLF II, "Blackstone" şirkəti tərəfindən idarə olunan "BREP Europe V" və "Starwood" şirkəti tərəfindən idarə olunan "SOF XI" daşınmaz əmlak fondlarına investisiyalar daxildir.
Qeyd edək ki, Fondun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 1,7 mlrd. ABŞ dolları təşkil edib.