Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Asiya İnkişaf Bankının (AİB) ölkəmizə səfər edən missiyası ilə görüş keçirilib.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş iqtisadçısı Ciovanni Kapannellinin rəhbərlik etdiyi missiya ilə görüş zamanı Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması və hərtərəfli inkişafın təşviqinə yönəlmiş təşəbbüslər müzakirə olunub.
Görüşdə DSMF sədri Elman Mehdiyev Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.
“Bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib”, - deyə E. Mehdiyev vurğulayıb.
E. Mehdiyev fondun fəaliyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib, ölkəmizdə qurulmuş sığorta-pensiya sisteminin uğurla inkişaf etdirilməsi üçün həyata keçirilən islahatlardan, qarşıda duran başlıca vəzifələr və onların həlli yollarından ətraflı bəhs edib.
Görüşdə AİB ilə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
C. Kapannelli Azərbaycanda sığorta-pensiya sahəsində görülən işləri müsbət qiymətləndirdiklərini diqqətə çatdırıb.