Bakı. Vahab Rzayev – APA-Economics. Asiya İnkişaf Bankının (ADB) icraçı direktoru Entoni Beyker Azərbaycanda səfərdə olub. Bankın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində qonaq baş nazirin müavini Abid Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə nazirinin birinci müavini İlqar Fatizadə, nəqliyyat nazirinin müavini Musa Pənahov, «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov, «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanovla görüşüb.
Görüşlərdə ADB-nin müxtəlif sahələrdə həyata keçirdiyi layihələrin gedişi, investisiya proqramları, o cümlədən gələcək layihələr müzakirə olunub. Həmçinin, 2015-ci ildə Bakıda keçiriləcək ADB-nin Direktorlar Şurasının illik toplantısına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ADB 1966-cı ildə təsis edilib, baş qərargahı Manilada yerləşir və Asiya və Sakit Okean regionunda iqtisadi inkişaf və regional inteqrasiya üzrə beynəlxalq maliyyə qurumudur. ADB-nin 67 üzvü var. Ötən il Bank ümumi dəyəri 21,6 mlrd. dollar olan layihələrin maliyyələşməsində iştirak edib.