Bakı. Yeganə Laçınzadə - APA-Economics. Avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 907 sığorta müqaviləsi bağlanıb.
Bu barədə “APA-Economics”ə İcbari Sığorta Bürosundan (İSB) xəbər verilib.
Məlumata əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,6 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 65,13%-i yaşayış evləri və mənzillər, 0,41%-i inzibati binalar, 34,47%-i isə digər daşınmaz əmlakla bağlı olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 37,4% azalma, sığorta haqlarının məbləğində isə 9,6% artım müşahidə edilib.
Avqustda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 175, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 15 090 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 218 manat təşkil edib.
Qeyd edək ki, avqustda icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 40%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin payına düşür.