Bakı. Nicat Mustafayev – APA-Economics. Bu günədək Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycana 1,1 mlrd. ABŞ dollarına yaxın kredit verilib. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.
Hesabata əsasən, AİB-in Azərbaycanla əməkdaşlığa başladığı tarixdən etibarən bu günə qədər avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, elektroenergetika, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 9 layihə üzrə ümumi məbləği 1 097,1 mln. dollar olan 12 kredit sazişi imzalanıb. Bunlardan 3 layihənin («Selə qarşı tədbirlər», «Şərq-Qərb avtomobil yolunun yenidən qurulması» və «Kiçik şəhərlərdə su-kanalizasiya sistemlərinin yenidən qurulması») icrası başa çatıb, qalan 6 layihənin icrası isə davam etdirilir.
AİB ilə imzalanmış kredit sazişləri üzrə 2013-cü il yanvarın 1-nə istifadə edilmiş vəsaitlərin məbləği 422,7 mln. dollar (38,5%), o cümlədən 2012-ci ildə istifadə edilmiş məbləğ 169,2 mln. dollar olub.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür.