«APA-Economics»in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, artıq Fond tərəfindən Avstraliya, Türkiyə və Rusiyanın qiymətli kağızlar bazarına vəsait yatırılıb. Belə ki, ARDNF Avstraliyada ümumi həcmi 200 mln. Avstraliya dolları, Türkiyədə 800 mln. türk lirəsi, Rusiyada isə 3 mlrd. Rusiya rublu olan istiqrazlara vəsait yatırıb: «Maliyyə böhranı dövründə hər hansı bir ölkənin fond bazarlarına vəsait yatırmazdan öncə biz dərin təhlillər aparırıq və məhz bundan sonra hər hansı qiymətli kağıza və ya daşınmaz əmlaka vəsait yatırırıq. Avstraliyanın fond bazarına gəldikdə, onu deyə bilərəm ki, bu ölkənin valyutası çox güclüdür və üstəlik istiqrazların gəlirlik dərəcəsi yüksəkdir. Türkiyə və Rusiyanın fond bazarlarına gəldikdə isə, bu ölkələrin iqtisadiyyatı bizə yaxşı tanışdır və Azərbaycan iqtisadiyyatına yaxındır».
ARDNF-in xaricdə daşınmaz əmlaka yatırdığı vəsaitə gəldikdə, Ş.Mövsümov qeyd edib ki, 2012-ci ilin son rübü ərzində Fond London, Paris və Moskva şəhərlərinin mərkəzlərində daşınmaz əmlak əldə edib və artıq ilk gündən sözügedən əməliyyatdan (daşınmaz əmlakın kirayə verilməsi) gəlir əldə olunur: «Bildiyiniz kimi, hazırda Avropada maliyyə böhranı yaşanır. Asiyada isə əksinə qlobal maliyyə böhranından sonra canlanma baş verir, maliyyə bazarları inkişaf edir. Bu baxımdan biz diqqətimizi Asiyanın həm qiymətli kağızlar bazarına, həm də daşınmaz əmlak bazarına yönəltmişik. Ötən il Azərbaycanın nümayəndə heyəti Sinqapur, Honkonq və Malayziya kimi ölkələrdə olub bu istiqamətdə müvafiq qurumlarla danışıqlar aparıb. Cari ildə isə Çin və Avstraliyaya səfər edib, analoji danışıqlar aparmaq niyyətindəyik və bu kimi ölkələrdə daşınmaz əmlaka və ya qiymətli kağızlar bazarına vəsait yatırmaq fikrindəyik».