Bakı - APA-Economics. İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniyaya səfər zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşüb.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Ş. Mustafayev bildirib ki, bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı sahələrinə yönəlib, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir.
İndiyədək AYİB tərəfindən Azərbaycana 161 layihə çərçivəsində 2,8 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. AYİB özəl sektorda 151 layihəni maliyyələşdirilib.
Ş. Mustafayev bankın Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinə investisiya yatırılması, aqroparkların təşkilinə dəstək göstərilməsi, kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlıq və s. sahələrdə əlaqələrin genişləndirilməsini, 2017-2020-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanmasında əməkdaşlıq təklif edib.
S. Çakrabarti bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edib, əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini vurğulayıb, Azərbaycan tərəfinin təkliflərinin reallaşdırılması imkanlarına baxılacağını bildirib.