Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin oktyabrın 1-nə 17 631,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 838,3 mln. manat və ya 19,19% çoxdur.
Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 7 253,4 mln. manat və ya ümumi həcminin 41,14%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 564,5 mln. manat və ya 27,50% artıb.
Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.
Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,8%-lik payla “İnşaat və əmlak” və 14,4%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin oktyabrın 1-nə 973,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 178,2 mln. manat və ya 22,42% çoxdur.
Son bir ayda isə vaxtı keçmiş kreditlərin cəmi 34,4 mln. (3,66%) manat artıb.
Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 5,5% təşkil edir.