Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi 2012-ci ildə 641,3 mln. manat və ya 26,4% artaraq 2013-cü il yanvarın 1-nə 3 073,6 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, dekabr ayı ərzində xarici öhdəliklər 187,0 mln. manat və ya 6,5% artıb və bununla da tarixi maksimum yenilənib:

Eyni zamanda, bankların məcmu xarici aktivlərin həcmi 2013-cü il yanvarın 1-nə 2 016,1 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 253,5 mln. manat və ya 14,4% çoxdur. Dekabr ayı ərzində isə 79,6 mln. manat və ya 3,8%-lik azalma müşahidə olunub.
Nəticədə, göründüyü kimi, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında saldo 1 057,5 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 57,9% çoxdur.
Qeyd edək ki, xarici öhdəliklərin əsas hissəsini xarici maliyyə qurumlardan cəlb edilən kreditlər təşkil edir. Bu səbəbdən də xarici öhdəliklərin artması müsbət göstərici kimi qiymətləndirilməlidir, çünki ilk növbədə xarici maliyyə qurumlarının Azərbaycan banklarına etibarlığını əks etdirir. Digər tərəfdən isə xarici öhdəliklərin sürətlə artmasının müəyyən riskləri də var ki, bu da 2009-2010-cu illərdə bir sıra Azərbaycan banklarında likvidlik problemləri yaradıb.