Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gündən Azərbaycan Beynəlxalq Bankı (ABB) öz bankomat və POS-terminallar şəbəkəsində “UnionPay” beynəlxalq kartlarının qəbuluna başlayıb.
“APA-Economics” xəbər verir ki, bu haqda ABB-nin baş direktoru Elmir Həbibullayev məlumat verib.
O, bildirib ki, bu kartların sayı 1 ildə 1 mlrd. artaraq 4,5 mlrd. ədədə çatıb.
“Real kartı olanların sayı artıq 1 milyarda yaxınlaşır. Bu kartların istifadəsi geniş şəbəkəyə malikdir. Odur ki, onların Azərbaycanda qəbulu əsas şərtlərdən biridir. ABB nəzərdə tutulan tədbirləri, o cümlədən ölkəyə gələn iş adamları və turistləri nəzərə alaraq, bu kartların birbaşa Azərbaycanda təmin olunmasını qarşısına məqsəd qoyub”, - deyə E. Həbibullayev bildirib.
Onun sözlərinə görə, ABB bu kartları gələn ilin birinci yarısından emissiya etmək niyyətindədir.
“Azərbaycanla Çin arasında münasibətlər inkişaf edən xətlə gedir. Azərbaycanlı iş adamları Çində böyük alqı-satqı əməliyyatları həyata keçirirlər. Məlumat üçün deyim ki, Çində Azərbaycan Beynəlxalq Bankın kartlarının yalnız 20%-ı işləyir, qalan yerlərdə “UnionPay” sisteminin kartları qəbul edilir. Hesab edirəm ki, Azərbaycanda da bu kartların buraxılması mühüm addımdır", - deyə bankın baş direktoru qeyd edib.