Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Müşahidə Şurasının qərarı ilə AB-nin İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, İdarə Heyətinin sədrinin birinci müavini vəzifəsinə Emil Mustafayev, İdarə Heyətinin sədrinin müavini - Vaqif Əkbərov, İdarə Heyəti sədrinin müavinləri Qubad Hüseynov və Rəşad Hacıyev təyin edilib.
Qeyd edək ki, əvvəllər Bankın Mərkəzi Xəzinədarlığı Departamentinin direktoru vəzifəsində çalışan R.Hacıyev həmçinin İdarə Heyətinin yeni üzvü seçilib. R.Hacıyev 1979-cu ildə Bakıda anadan olub. ABB-də 2000-ci ildən çalışır və 2011-ci ilin mayında Bankın Mərkəzi Xəzinədarlığı Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, R.Hacıyev 1998-1999-cu illərdə ABŞ hökuməti tərəfindən maliyyələşən iqtisadiyyat üzrə proqramın qalibi olub, Miçiqan Universitetində təhsil alıb, 2002-2003-cü illərdə isə Dublin Universitetini fərqlənmə diplomu ilə bitirib və magistr dərəcəsi alıb.
Bankın İdarə Heyətinin səlahiyyətləri 2015-ci ilin iyul ayına qədər qüvvədədir.