Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankında (ABB) 2007-2012-ci illərdə «Electron Banking» əməliyyatlarının müsbət artım tendensiyası müşahidə olunub. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 2007-ci ildə elektron bankçılığın bütün vasitələri ilə 4,9 mln. manat məbləğində 243,8 min əməliyyat aparılıbsa, 2012-ci ildə bu rəqəm müvafiq olaraq 14,1 mln. manat və 464,9 min əməliyyat təşkil edib. Ümumiyyətlə, 2007-2012-ci illərin nəticələrinə görə, «Electron Banking» vasitəsilə 76,8 mln. manat məbləğində 2 591 min əməliyyat həyata keçirilib.
Ötən il aparılmış əməliyyatların sayına görə əməliyyatların 94,5%-i mobil rabitə ödənişlərinin payına düşüb və 2011-ci illə müqayisədə əməliyyatların sayı 3,8% artıb. Ümumiyyətlə, 2012-ci ildə mobil rabitə haqqını ödəmək üçün müştərilər «Electron Banking» vasitəsilə 439 min əməliyyat keçirib, ödənişlərin ümumi məbləği 2,63 mln. manat təşkil edib. Qeyd edək ki, 2011-si illə müqayisədə stasionar rabitə ödənişlərinin sayı 83,4%, məbləği isə 3 dəfə artıb.
Ötən il «Electron Banking» əməliyyatlarının ümumi məbləğinin əksər hissəsi (72%) «Kart Transfer» köçürmələrinin payına düşüb, 18,6%-ni isə mobil rabitə haqlarının ödənişləri təşkil edib. Elektron əməliyyatların əksər hissəsi ATM və İnternetBank vasitəsilə həyata keçirilib. Əməliyyatların 90%-i ATM, pul hərəkətinin əksər hissəsi (44%) İnternetBank xidməti vasitəsilə aparılıb.
«ABB ənənəvi olaraq elektron bankçılıq xidmətlərinin inkişafına xüsusi diqqət yetirir. Bank daim xidmətlərin təkmilləşdirilməsi və yeni xidmətlərin tətbiqi üzərində çalışır. Bu gün ABB müştəriləri bankomat, kompüter və mobil telefonlar vasitəsilə banka gəlmədən hesablarını yoxlamaq, çıxarış almaq, hesabdan köçürmələr aparmaq, kommunal xidmətlər, internet, mobil və stasionar telefon rabitəsi haqqını ödəmək imkanına malikdirlər. ABB-nin müştərilərinə təqdim etdiyi «Cash by Code», «Cash In», «Cash to any Card», «Visa Personal Payments», «PIN Set», «PIN Activation» kimi ən müasir xidmətlərdir. Bu xidmətlər əhəmiyyətli dərəcədə vaxta qənaət etməyə kömək edir və müştərilər tərəfindən məmnuniyyətlə istifadə olunur», - deyə Bankdan bildirilib.
Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsi, yeni bank məhsullarının yaradılması məqsədilə 2013-cü ildə yüksək təhlükəsizlik səviyyəli «Electron Banking» əməliyyatlarının spektrini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.