Bakı – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 439,6 mln. manat təşkil edib ki, bu da müvafiq proqnoz göstəricisindən 3,5%, 2012-ci ilin analoji dövrünə nisbətən isə 8,5% çoxdur.
DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 7,8% artıq olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 16,1% artaraq 205 mln. manata çatıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,4%-i və ya 130,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 20,3%, əvvəlki ilin ilk iki ayına nisbətən isə 19,1% çox olub.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 49,5%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 2 dəfə artıb.
Cari ilin yanvar-fevral aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 75 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artıb.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Belə ki, hesabat aylarında DSMF-nin xərcləri 407,5 mln. manat olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsina 401,93 mln. manat yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 393,7 mln. manata çatıb.