Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin ərzində banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 2 433,3 mln. avro təşkil edib ki, bu da 2011-ci ilə nisbətən 78,6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankların əhalidən aldığı nağd avronun həcmi ötən il 70,8% artaraq 406,9 mln. avroya çatıb. Beləliklə, Azərbaycanda əhalinin nağd avro alışı satışdan 6 dəfə çox olub.
Qeyd edək ki, Azərbaycanda nağd avro ilə alqı-satqı əməliyyatlarının həcmi daim artır. Məsələn, 2011-ci ildə əhalinin nağd avro alışı 34%, satışı 2,3 dəfə, 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 38% və 64% artıb. Bunun səbəbləri kimi həm xarici səfərlərlə bağlı nağd avroya tələbatın artması, həm də tədricən ölkə daxilində müəyyən hesablaşmalarda avronun rolunun artmasını qeyd etmək olar. İkinci amil elə də güclü olmasa da, onu tam olaraq nəzərə almamaq mümkün deyil, çünki avrozonadan gətirilən bəzi mallar üzrə hesablaşmalarda konvertasiya zamanı məzənnə fərqi səbəbindən uduzmamaq məqsədi ilə birbaşa olaraq avroda satılır.
Azərbaycanda əhali tərəfindən banklardan ötən il orta hesabla hər ay 113,5 mln. nağd avro alınıb və 19,9 mln. avro satılıb. Müqayisə üçün bildirək ki, 2011-ci ildə isə həmin göstəricilər müvafiq olaraq 202,8 mln. avro və 33,9 mln. avro təşkil edib.