Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci il ərzində bankların əhaliyə satdığı nağd dollar kütləsinin həcmi 9 169,3 mln. dollar təşkil edib ki, bu da 2011-ci ilə nisbətən 42,3% çoxdur. Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində banklar tərəfindən əhalidən alınan nağd dollar kütləsinin həcmi son bir ildə 33,4% artaraq 2 596,1 mln. dollara çatıb.
Beləliklə, Azərbaycanda əhalinin nağd dollar alışı satışdan 3,5 dəfə çox olub. Nağd dollarla əməliyyatların artması dolların ölkədə nağd hesablaşmalarda və yığımlarda yüksək rolundan irəli gəlir. Bundan başqa, xarici səfərlərlə bağlı məsrəflərdə də nağd dolların alışı və satışı əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2011-ci ildə orta hesabla hər ay 536,8 mln. nağd dollar alınıb və 162,2 mln. dollar satılıb. Ötən il həmin göstəricilər müvafiq olaraq 764,1 mln. dollar və 216,3 mln. dollara bərabər olub.