Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2012-ci il üzrə 1,49 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-noyabr ayları ilə müqayisədə bu göstərici 0,03 bəndi artıb:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərcləri üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.
Belə ki, il ərzində pərakəndə ticarət dövriyyəsi 17,559 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 5,828 mlrd. manat, əhalinin məcmu gəliri isə 34,724 mlrd. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 11,337 mlrd. manat və ya 48,5% üstələyib. Qeyd edək ki, rəsmi statistikaya əsasən, əhalinin gəlirlərinin 29,3%-i (11,053 mlrd. manat) əmanətlərin və kapitalın artırılmasına, yəni bilavasitə yığıma sərf olunub.