Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla 4,5 mlrd. manatlıq ÜDM istehsal edilib və keçən ilin müvafiq dövrünün səviyyəsindən 2,8% yüksək olub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əlavə dəyərin 62,2%-i məhsul istehsalı sahələrində, 29,5%-i xidmət sahələrində istehsal olunub, 8,3%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM istehsalı 484,2 manat (616,9 ABŞ dolları) olub və 1,5% artıb.
«Əlavə dəyərin 49,6%-i qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 8,8% artıb, neft sektorunda isə 2,1% azalıb», - deyə Komitədən bildirilib.
Qeyd edək ki, bu il Azərbaycanda ÜDM-in 51 379,3 mln. manat, iqtisadi artımın isə 2,2% olacağı gözlənilir.