Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddi 30% olmalıdır. «APA-Economics»in məlumatına görə, bu, Maliyyə Nazirliyinin təsdiqlədiyi «Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması Qaydaları»nda nəzərdə tutulur.
Qaydalara əsasən, «sığortaçı» və «xarici sığortaçı» dedikdə sığortaçılar və xarici sığortaçılarla yanaşı, təkrarsığortaçılar və xarici təkrarsığortaçılar, habelə «xarici sığortaçı» anlayışı həm də ölkədə fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitalında bilavasitə və ya dolayısı ilə iştirak etmək hüququ olan şəxslər nəzərdə tutulur.
Qaydalara görə, Azərbaycanın sığorta bazarında xarici sığortaçıların payı hesablananda xarici sığortaçıların Azərbaycanda fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitallarındakı bilavasitə və (və ya) dolayısı ilə iştirak paylarının cəminin ölkədə fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğinə faiz nisbəti müəyyən edilir.