“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC son iki ayda Gürcüstanda keçirilən ümumi dəyəri 59,5 mln. dollar olan iki infrastruktur layihəsinin tenderinin qalibi elan olunub.
Korporasiyadan “APA-Economics”ə verilən məlumata görə, hər iki layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamenti, maliyyə dəstəkçisi isə Avropa İnvestisiya Bankıdır.
Gürcüstanda "Samtredia-Grigolote E-60" yolunda işlərinin inşası ilə bağlı tenderdə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 14 şirkət iştirak edib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 11 km-lik yolun inşası üçün verdiyi və qalib olduğu qiymət təklifi 89 mln lari (37 mln. dollar) təşkil edib. Dziruli-Karagauli-Moliti-Pona-Chuma-Teleti yolunun Moliti-Chumateleti hissəsinin yenidən qurulması ilə bağlı tenderdə isə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 13 şirkət iştirak edib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu tenderin də qalibi elan edilib. Korporasiyanın 26 km-lik yolun yenidən qurulması üçün verdiyi və qalib olduğu qiymət təklifi 54,5 mln Lari (22,5 mln dollar) təşkil edib.
Xatırladaq ki, hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyəti göstərir.