Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda “Universal Çağrı mərkəzi” üçün loqotip və şüar müsabiqəsi elan edilib.
Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək “Sahibkarlıq fəaliyyəti sahəsində Universal telefon məlumat xidməti – Çağrı Mərkəzi” barədə Vergilər Nazirliyi tərəfindən müsabiqə elan edilir.
Müsabiqəyə təqdim olunan loqotipə və şüara aid müsabiqədə iştirak sərbəstdir, müsabiqəyə hər bir şəxs tərəfindən təqdim edilən loqotip və (və ya) şüar sayına məhdudiyyət qoyulmur, müsabiqə istirakçılarından kreativlik tələb olunur, təqdim olunan loqotip və (və ya) şüar unikal olmalı, hər hansı təşkilatın loqosuna, şüarına və ya devizinə, marka və ya nişanına bənzəməməlidir və plagiat hesab olunan loqotip və (və ya) şüar müsabiqəyə qəbul edilməyəcək.
Müsabiqəyə təqdim olunan loqotipin PNG, TİFF, CDR, PSP, Aİ, EPS, WMF formatlarından birində olması, loqotipin ölçüsüsunu 300 dpi və daha çox olması və rəngli və monoxrom variantda təqdim olunması şərtlər daxilində göndərilməsi tövsiyə olunur (loqotipin başqa formatda, ölçüdə göndərilməsinə məhdudiyyət qoyulmur).
Müsabiqəyə təqdim olunan şüarın Azərbaycan dilində olması və üç sözdən artıq olmaması şərtləri daxilində göndərilməsi tövsiyə olunur (şüarın bir neçə sözdən ibarət olmasına məhdudiyyət qoyulmur).
Bu ilin mayın 6-dan 26-dək davam edəcək müsabiqəyə təqdim edilmiş ən maraqlı, kreativ və “Universal Çağrı mərkəzi”nin fəaliyyətinə uyğun loqotip və şüarların ən yaxşısı seçilərək onların müəllifləri mükafatlandırılacaq.
Qalibə loqotip üzrə “Surface PRO” planşeti və şüar üzrə “Microsoft Surface RT + Touch Cover” planşeti hədiyyə olunacaq.