Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2014-cü il yanvarın 1-nə 12 475,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 776,6 mln. manat və ya 16,6% çoxdur. O cümlədən, təkcə ötən ilin dekabr ayında depozitlərin həcmi 43,1 mln. manat və ya 0,4% artıb.
Depozitlərin tərkibində 6 395,8 mln. manat və ya 51,3% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin yanvarın 1-nə nisbətən 1 282,4 mln. manat və ya 25,1% artıb.
Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin əvvəlinə 6 079,9 mln. manata bərabər olub. Bu göstərici illik müqayisədə 494,0 mln. manat və ya 8,8% artıb.
Hüquqi şəxslərin depozitlərinin strukturunda 3 261,5 mln. manat və ya 53,6% maliyyə təşkilatları, 2 818,4 mln. manat və ya 46,4% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür. Qeyd edək ki, illik müqayisədə maliyyə təşkilatlarının depozitləri 478,5 mln. manat və ya 17,2%, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 15,5 mln. manat və ya 0,6% artıb.