Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il avqustun 1-nə 11 655,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 986,4 mln. manat və ya 20,5%, o cümlədən, bu ilin əvvəlindən 955,9 mln. manat və ya 8,9% artıb.
Depozitlərin tərkibində 6 019,3 mln. manat və ya 51,7% ev təsərrüfatlarının əmanətlərinin payına düşüb. Əmanətlərin həcmi 2012-ci il avqustun 1-nə nisbətən 1 604,1 mln. manat və ya 36,3%, o cümlədən, bu ilin əvvəlindən 905,9 mln. manat və ya 17,7% artıb.
Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi isə son bir ildə 382,3 mln. manat və ya 7,3%, ilin əvvəlindən isə 49,9 mlın. manat və ya 0,9% artaraq avqustun 1-nə 5 635,8 mln. manata çatıb.
Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 882,1 mln. manatı və ya 51,1%-i maliyyə təşkilatlarının depozitləri, 2 753,7 mln. manatı və ya 48,9%-i qeyri-maliyyə təşkilatlarının depozitləri təşkil edib.