Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bank xidmətlərinin keyfiyyətinin artırılması və istehlakçıların hüquqlarının qorunması məqsədilə müxtəlif standartların hazırlanması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bank istehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin rəisi Elşən Kərimov Bakıda keçirilən maliyyə sektorunda istehlakçıların müdafiəsi üzrə seminarda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bank sektorunda istehlakçıların hüquqlarının müdafiəsi üçün AMB-də hazırlanan tədbirlər planında bir sıra maraqlı yeniliklər nəzərdə tutulub. Belə ki, tədbirlər planında hüquqi tənzimləyici sistemin təkmilləşdirilməsi, bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif standartların hazırlanması əksini tapıb.
Plana əsasən, banklar bank xidmətləri üzrə mühüm şərtləri müəyyən edərək onları və müqavilə bağlanana qədər müştəriyə təqdim etməli olacaqlar. Bundan başqa, bankların qarşısında istehlak kreditlərinin bütün növləri üzrə standart müqavilələrdən istifadə tələbi qoyulacaq. Tədbirlər planına əsasən, banklar müraciət edən müştərilərə onlara uyğun gələn məhsulların təklif edilməsi siyasətini tətbiq etməli olacaq.
Bundan başqa, bank xidmətləri ilə bağlı ictimaiyyətə təqdim olunan məlumatlarda Mərkəzi Bankın adının nəzarət orqanı olaraq qeyd edilməsi tələbi də qoyulacaq.