Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2013-cü ilin iyulun 1-nə 11 399,9 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 695,6 mln. manat və ya 17,5% artıb. O cümlədən bu ilin əvvəlindən depozitlərin həcmi 700,7 mln. manat və ya 6,6% artıb.
Depozitlərin tərkibində 5 922,2 mln. manatı və ya 52,0%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci ilin iyulun 1-nə nisbətən 1 549,6 mln. manat və ya 35,4%, o cümlədən, bu ilin əvvəlindən 808,8 mln. manat və ya 15,8% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi iyulun 1-nə 5 477,7 mln. manata bərabərdir. Bu göstərici son bir ildə 146,0 mln. manat və ya 2,7% artıb, lakin ilin əvvəlindən 108,2 mlın. manat və ya 1,9% azalıb.
Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 827,2 mln. manatı və ya 51,6%-i maliyyə təşkilatların depozitlərinin, 2 650,5 mln. manatı və ya 48,4%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.