Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-iyun aylarında 174,09 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,1 dəfə çoxdur.
Yanvar-iyun aylarında bankların faiz gəlirləri 766,10 mln. manat, faiz xərcləri 390,56 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 375,54 mln. manata bərabər olub. Eyni zamanda bankların qeyri-faiz gəlirləri 194,71 mln. manat, qeyri-faiz xərcləri isə 344,30 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 149,59 mln. manat həcmində zərər yaranıb.
Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 38,0%, qeyri-faiz mənfəəti isə 22,7% artıb. Mütləq rəqəmlərdə faiz mənfəətin artımı 103,3 mln. manat, qeyri-faiz zərərin artımı 27,7 mln. manat, yekun mənfəətin artımı isə 155 mln. manata bərabərdir. Beləliklə, bankların yekun mənfəətinin kəskin artmasında tək mənfəətin artımı nəticəsində baş verməyib. Burada həmçinin aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların kəskin azalması öz rolunu oynayıb. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ayırmalar 132,01 mln. manatdan 51,80 manatadək azalıb.
Qeyd edək ki, 2013-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın 40 kommersiya bankı mənfəətlə, 3-ü isə zərərlə işləyib.