Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-iyul aylarında ümumilikdə 218,31 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 159,75 mln. manat və ya 3,7 dəfə çoxdur.
Yanvar-iyul aylarında bankların faiz gəlirləri 924,21 mln. manat, faiz xərcləri 460,92 mln. manat təşkil edib və nəticədə, faiz mənfəəti 463,29 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 234,03 mln. manat, qeyri-faiz xərcləri isə 412,03 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 178,00 mln. manat həcmində zərər yaranıb.
Qeyd edək ki, illik müqayisədə faiz mənfəəti 142,77 mln. manat və ya 44,6%, qeyri-faiz zərəri isə 42,67 mln. manat və ya 31,5% artıb.
Göründüyü kimi, bankların yekun mənfəətinin həcminin (159,75 mln. manat) kəskin artması təkcə mənfəətin artımı nəticəsində baş verməyib. Buna həmçinin aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların kəskin azalması da təsir edib. Belə ki, ötən ilin 7 ayı ilə müqayisədə bu ayırmalar 127,51 mln. manatdan 66,90 manatadək azalıb.