«APA-Economics»in məlumatına görə, bunu Vətəndaşların Əmək Liqası təşkilatının rəhbəri Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, son 10-15 il ərzində ölkədə ev qulluqçuları sahəsi geniş yayılıb. Bu peşələrin çeşidi də artıb, dayə, aşpaz, mühafizəçi, şəxsi sürücü, bağban və s.: «İndi bəzi ailələrdə 30-40 nəfər ev qulluqçusu var».
S.Məmmədov bildirib ki, qulluqçuları işə cəlb edənlər təkcə varlı əhali deyil. Hər iki üzvü işləyən gənc ailələr də ev işlərini görmək və ya uşağa baxmaq üçün qulluqçu tutur. Təqribi qiymətləndirmələrə görə, hazırda Azərbaycanda 30-40 min belə işçi olsa da, onlarla əmək münasibətləri rəsmiləşdirilməyib. Bu sahə nə vergiyə, nə də icbari sosial ödənişlərə cəlb edilmir, eləcə də bu işlərdə çalışanların əmək hüquqları qorunmur.
Ekspert bildirib ki, bu problemlərin həlli, eləcə də qeyri-leqal işsizliyin aradan qaldırılması və iş yerlərinin rəsmiləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik edilməli və hazırda heç bir yerdə qeydə alınmayan belə işlərdə işləyənlər ayrıca kateqoriya kimi göstərilməlidir: «Bunlarla əmək münasibətlərini rəsmiləşdirmək mümkün deyil. Çünki qanunvericilik buna imkan vermir. Üstəlik, bu adam vergi orqanına hesabat verə bilirsə, əmək müqaviləsi bağlaya bilirsə, daha niyə qulluqçu işləsin?».
S.Məmmədovun təklifinə görə, Əmək Məcəlləsinə sahibkar olmayan fiziki şəxs anlayışı daxil edilməli və qulluqçuları işə qəbul edən şəxslər bu adla qeydə alınmalıdır: «Bu sahibkar deyil, amma digər şəxsləri muzdlu işə cəlb etməyə haqqı çatır. Bu təcrübə digər ölkələrdə geniş tətbiq olunur».
Bundan başqa, ekspertin fikrincə, Əmək Məcəlləsində ev qulluğunda çalışanlarla əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı xüsusi fəsil olmalıdır. Çünki bu sahəni ümumi prinsiplə tənzimləmək mümkün deyil, onlar fərqli üsulla tənzimlənməlidir.
S.Məmmədov hesab edir ki, ev qulluqçularının tam leqallaşdırılması üçün onlardan vergi və sosial ödəmələr fərqli qaydada və fərqli dərəcələrlə tutulmalıdır: «Onda ev sahibləri bu ödənişləri etməyə hazırdırlar. Məsələn, ev qulluqçusunun əmək haqqı 200 manatdırsa, buna görə dövlətə 50 manat sosial sığorta haqqı ödənilməlidir. Ev sahibi üçün 200 manat əvəzinə, məsələn 210 manat ödəmək çətin olmayacaq. Amma sosial ödəmə 50 manat olanda bu alınmır. Buna görə də belə işçilər ödəmələrdən yayınırlar. Ona görə də belə işçilər üçün vergi və sosial ödəmələrin dərəcələri diferensiasiya edilməlidir».
Ekspertin sözlərinə görə, bu yeniliklər tətbiq edilərsə, ev sahibləri qulluqçularla münasibətləri rəsmiləşdirməkdə maraqlı olacaqlar, nəticədə evdəki vəziyyətə və əşyalara görə cavabdehin kim olduğu dəqiqləşəcək.