Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına qoşulması prosesi 2012-ci il ərzində davam etdirilib və sistemin parametrlərinə cavab verən bütün BOKT-ların MKR-ə qoşulması prosesi başa çatdırılıb. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) istinadən məlumatına görə, 2012-ci ildə reyestrdən 43 bank və 21 BOKT istifadə edib.
Dövr ərzində reyestrdə 1 026 730, o cümlədən banklar və BOKT-lar tərəfindən 1 024 558 sorğu həyata keçirilib. Əvvəlki illə müqayisədə MKR-ə edilən sorğuların sayı dəfədən çox artıb. Həmçinin, ötən il 2 043 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib ki, bu da 2011-ci illə müqayisədə 37% artıqdır.
Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 540 096, kredit məlumatlarının sayı isə 4 249 977 olub. Əvvəlki illə müqayisədə borcalanların sayı 31%, kredit məlumatlarının sayı isə 47% artıb. Reyestrdə qeydiyyatda olan cəmi zaminlərin sayı isə 545 629-a çatıb.