Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumilikdə, istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1% bahalaşıb.
Ay ərzində çörək, qarabaşaq yarması, alma, armud, heyva, nar, üzüm, qoz, fındıq, şabalıd, bibər, kələm, çuğundur, kök, göyərti, soğan, sarımsaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun əti, toyuq əti, kolbasa məmulatları, düyü, makaron, süd və süd məhsulları, yumurta, kərə yağı, kartof, göy lobya, badımcan, limonun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Sentyabr ayında qeyri-ərzaq mallarından minik avtomobili, iri alət və avadanlıqların, inşaat materiallarından parket və sement ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı ay ərzində geyim və ayaqqabı, xalça və digər döşəmə örtükləri, məişət cihazları, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.