Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü ilin yanvar ayında gəlirləri 212 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 5,7% çoxdur. Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 74,6 mln. manat təşkil edib.
İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 75,9%-i qeyri-büdcə sektorunun payına düşüb. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6% artıb, proqnoz isə 115,3% icra olunub.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 67,5%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 2 dəfəyə yaxın artıb. Yanvar ayında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 18,0 mln. manat təşkil edib.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Bu ilin yanvar ayında DSMF-nin xərcləri 197,2 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 195,2 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 17,2% artaraq 192,4 mln. manat təşkil edib.
İlkin məlumatlara görə, 2013-cü il yanvarın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib.
Bu ilin yanvar ayında əhaliyə 2,8 mln. manat məbləğində müavinət ödənilib. DSMF-nin digər xərcləri 2,0 mln. manat (o cümlədən, Fondun Aparatının və yerli orqanlarının saxlanılmasına 0,21 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 0,73 mln. manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 1,1 mln. manat) təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4,3% azdır.