Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 534,5 mln. manat təşkil edib.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu da proqnoz göstəricisindən 2,3% çoxdur.
Hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 3,6% yuxarı olmaqla, 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 885,4 mln. manat təşkil edib.
İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,4%-i qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 21%, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 19,5% yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 48,7%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 36,7% artıb.
Qeyd edək ki, 2013-cü ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 333,0 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Həmin müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1 449,5 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 421,3 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8% artaraq 1 386,8 mln. manat təşkil edib.
Yanvar-iyul aylarında əhaliyə 34,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 31,1%-i hamiləliyə və doğuma görə, 29,8%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,4%-i dəfn üçün, 23,7%-i isə digər müavinətlərin payına düşür. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri isə 28,2 mln. manat təşkil edib.