Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,9% artaraq 11,0 mlrd. manat olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak məhsullarının 99,9%-i qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,1%-i hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 229,0 manatlıq və ya 2015-ci ilin eyni göstəricisi ilə müqayisədə 28,2 manat çox əmtəə alıb.
Bu ilin yanvar-may aylarında pərakəndə şəbəkədə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 2,5% üstələyərək 5 479,4 mln. manata çatıb. Ticarət dövriyyəsi 5 519,8 mln. manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satış isə 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,7% çox olub.
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 114,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 114,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Yanvar-may aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5%-i elektrik malları və mebelin, 5,8%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.