Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 12,7 mlrd. manat həcmində kredit vəsaitləri yönəldilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 32,5%-i dövlət, 65%-i özəl banklar, 2,5%-i isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.
Verilmiş kreditlərin 8,8 mlrd. manatını uzunmüddətli, 3,9 mlrd. manatını qısamüddətli, 748,8 mln. manatını isə ödənilmə vaxtı keçmiş kreditlər təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən uzunmüddətli kreditlərin həcmi 27,5%, qısamüddətli kreditlərin həcmi 25,8%, problemli kreditlərin həcmi isə 18,1% artıb.