Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Turanbank» ASC oktyabrın 1-3-də peşə bayramı münasibətilə prokurorluq işçiləri üçün bankın mövcud istehlak kreditlərinin illik faiz dərəcəsində 3% endirim edib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim «Turanbank»ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirim kampaniyası çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalanıb.