Bank Of Baku

Azərbaycanda qiymətləndirmə fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi tələb olunur

Azərbaycanda qiymətləndirmə fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi tələb olunur
# 04 mart 2013 10:49 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qiymətləndirmə fəaliyyətində ciddi dəyişikliklərin edilməsini vacib sayır. Bura qiymətləndiricilərin məcburi sertifikatlaşdırılması, onların fəaliyyətinin sığortalanması və Qiymətləndiricilər Şurasının yaradılması aiddir.


«APA-Economics»in məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı jurnalistlərə bildirib ki, Azərbaycanda 1998-ci ildə qəbul edilmiş «Qiymətləndirmə fəaliyyəti haqqında» qanun artıq müasir dövrün tələblərinə cavab vermir: «Rusiyada bu qanun Azərbaycandan 8 ay sonra qəbul edilib. Buna baxmayaraq, qonşu ölkədə bu qanuna 14 dəfə əsaslı dəyişikliklər edilib. Azərbaycanda isə bu qanun qəbulundan 15 il keçir. Bu müddət ərzində tələb və təkliflərin dəyişilməsinə baxmayaraq, qanunda heç bir dəyişiklik edilməyib».


Millət vəkili qeyd edib ki, yaranmış vəziyyət qiymətləndirmə fəaliyyətində müxtəlif problemlərə səbəb olmaqla yanaşı, əmlakın düzgün qiymətləndirilməsinə, əmlak vergisinin düzgün hesablanıb tutulmasına mane olur və büdcə gəlirlərinə təsir edir. X.Kazımlı vurğulayıb ki, vəziyyəti dəyişmək üçün  AQC tərəfindən bu qanunun yeni versiyası hazırlanıb və sənəd artıq Milli Məclisin komitələrində bir neçə dəfə müzakirə olunub.

 

X.Kazımlı ümid edir ki, sənəd parlamentin növbəti sessiyalarında müzakirəyə çıxarılaraq qəbul ediləcək.

 

AQC-nin fəxri sədri deyib ki, qanun layihəsindəki əsas yeniliklər qiymətləndiricilərin məcburi sertifikatlaşdırılması, onların fəaliyyətinin sığortalanması və Qiymətləndiricilər Şurasının yaradılması ilə bağlıdır. Layihədə qiymətləndiricilərin imtahan verərək sertifikat alması və müxtəlif sahələr üzrə ixtisaslaşması nəzərdə tutulur: «Məsələn, təbii sərvətlər, daşınan və daşınmaz əmlak, zinət əşyaları və s. üzrə qiymətləndiricilər ayrıca olmalıdır».

 

O həmçinin vurğulayıb ki, layihədə qiymətləndiricilərin fəaliyyətinin sığortalanması və bunun üçün AQC üzvlərinin iştirakı ilə xüsusi fondun yaradılması da nəzərdə tutulub. Bu mexanizm qiymətləndirilmə düzgün aparılmadığı təqdirdə ortaya çıxan problemlərin aradan qaldırılmasına imkan verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR