Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın əsas qızıl istehsalçısı olan «Anglo-Asian Mining Plc.» şirkəti bu ilin birinci yarısında Gədəbəy rayonundakı yataqda («Gədəbəy» mədəni) 10 661 unsiya gümüş və 17 497 unsiya qızıl hasil edib. «APA-Economics»in «Anglo-Asian Mining Plc.» şirkətinin 2013-cü ilin birinci yarısına dair açıqladığı hesabata əsasən verdiyi məlumata görə, bu, keçən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 19% və 12,5% azdır.
Hesabatda qeyd edilir ki, şirkət yanvar-iyun ayları ərzində 14 229 unsiya qızılın orta hesabla hər unsiyasını 1 561 ABŞ dollarına satıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 dollar və ya 5% azdır. Hər unsiya üçün istismar xərcləri orta hesabla 564 dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 203 dollar və ya 26,5% azdır.
Şirkətin icraçı direktorunun müavini Xosrov Zamani bildirib ki, 2012-ci ilin birinci yarısında «Anglo-Asian Mining Plc.»nin ümumi gəlirləri 8% azalaraq 27,6 mln. dollar təşkil edib. Şirkətin xalis mənfəəti isə 42,5% azalaraq 3,8 mln. manata düşüb.
X.Zamani əlavə edib ki, 2013-cü ilin ikinci yarısında «Gədəbəy» mədənində istehsalın və gəlirliyin artımı və eyni zamanda «Qoşa» mədəninin inkişaf etdirilməsi ilə qızıl hasilatının artması gözlənilir: «Biz 2013-cü ili ikinci yarısında 42 500 unsiya qızıl, 420 ton mis hasil etməyi nəzərdə tuturuq. Builki hədəfimiz 60 000 unsiya qızıl istehsal etməkdir».
Xatırladaq ki, şirkət ötən il 50 215 unsiya qızıl hasil edib.