Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara 15,9 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,3% çox məhsul satılıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, satılmış məhsulların 49,9%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,1%-ni isə qeyri-ərzaq məhsulları təşkil edib.
Bu ilin səkkiz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 8,2 mln. manat təşkil edib. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,7%-i hüquqi şəxslərdən, 7,3%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,5%-i qeyri-ərzaq məhsullarının payına düşüb.
Bu ilin yanvar-avqust aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 644,9 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 276,5 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 368,4 mln. manat təşkil edib.