Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Maliyyə Nazirliyində 2013-cü büdcə ilinin ilk altı ayının yekunlarına, 2014-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması işlərinin gedişinə, o cümlədən qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirib ki, 2013-cü ilin ilk 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsinə nail olunub.
Sosial sahəyə ayrılan vəsaitlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən artımla icra edilmiş, əmanətlər üzrə fərdi birdəfəlik ödəmələrin həyata keçirilməsi, yararsız və qəzalı vəziyyətdə olan, müasir tələblərə cavab verməyən təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, məcburi köçkünlərin müvəqqəti məskünlaşdığı sosial təyinatlı müəssisələrin bərpası, yenidən qurulması və onlar üçün yeni yaşayış evlərinin inşasına dövlət və icmal büdcələrdən vəsait ayrılıb.
Qeyd olunub ki, son 10 ildə, yəni 2003-2012-ci illərdə ölkə üzrə ümumi daxili məhsulun nominal həcmi 7,6 dəfə artmış, ayrı-ayrı illərdə real artım 34,5%-dək yüksəlib. Bazar iqtisadiyyatı prinsiplərinə əməl edilməsi, iqtisadiyyatın liberallaşdırılması və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması nəticəsində ümumi daxili məhsulun strukturunda özəl sektorun xüsusi çəkisi 73,3%-dən 83,5%-ə qalxıb. Ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 100 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 mlrd. manatdan 17,4 mlrd. manata çatmış, xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3% təşkil etməklə 15% artıb. Həmçinin 10 ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 29 mlrd. manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd. manat olub.
«Büdcə sistemi haqqında» Qanuna uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlandığını bildirən S.Şərifov vurğulayıb ki, növbəti və sonrakı illərin dövlət büdcəsində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetiriləcək. Növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.
S.Şərifov Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə 2014-cü il dövlət büdcəsinin və icmal büdcəsinin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi zamanı dövlət büdcəsinin real maliyyə imkanlarını nəzərə almaqla, xərclərin proqnozlaşdırılmasına mühafizəkar yanaşılması, büdcənin tərtibi prosesini vaxtında başa çatdırmaqla müvafiq büdcə layihələrini hazırlayıb aidiyyəti üzrə təqdim etmələri barədə tapşırıqlar verib. Eyni, zamanda yerli maliyyə orqanlarına qanunvericiliyə uyğun olaraq 2013-cü il dövlət büdcəsinin icrası prosesinin stabil həyata keçirilməsi, vəsaitlərin daha da səmərəli istifadə olunması və ilkin nəzarətin artırılması, habelə 2014-cü il və sonrakı üç il üçün rayon və şəhərlərin yerli gəlir və xərcləri ilə bağlı büdcə layihələrinin bir daha təhlil edilib məlumatların təqdim olunmasına dair konkret tapşırıqlar verilib.
Kollegiyada “Azərbaycan Respublikasının 2013-cü ilin ilk 6 ayında dövlət büdcəsinin icrası haqqında” və “Azərbaycan Respublikasının 2014-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması işlərinin gedişi haqqında ” məruzələr dinlənilib, müzakirələrdən sonra qeyd olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.