Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2013-cü ilin fevral ayı üzrə 99,3% təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında «APA-Economics»in apardığı hesablamalara görə, bu göstərici yanvara nisbətən 41,8 faiz bəndi çoxdur.
İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.
Göründüyü kimi, göstəricinin artmasına baxmayaraq, indeks hələ də 100%-dən aşağı səviyyədədir. Bu isə mal qalıqlarının aylıq müqayisədə azalmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il martın 1-nə 180,4 mln. manat, fevralın 1-nə 181,7 mln. manat, yanvarın 1-nə 316,2 mln. manat təşkil edib.
Fevral ayında mal qalıqlarının azalması mallarla təchizatın zəifləməsi ilə əlaqədardır. Belə ki, fevral ayında yanvarla müqayisədə pərakəndə ticarət dövriyyəsində 1 481,7 mln. manatdan 1 365,8 mln. manata qədər azalma baş verib ki, belə olan halda mal təchizatı azalmasa, mal qalıqları artmalıdır. Lakin, göründüyü kimi, tam fərqli dinamika müşahidə olunub ki, bunun da səbəbi mal təchizatının azalması ilə bağlıdır.