Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 104,7 mln. manat təşkil edib.
Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 41%-i mənfəət vergisinin, 23,1%-i əlavə dəyər vergisinin, 11,6%-i şəxslərin gəlir vergisinin, 7,3%-i aksizlərin, 17 %-i isə digər vergilərin payına düşür.
Qeyri-neft sektoru üzrə büdcəyə 2 143,9 mln. manat vəsait daxil olub.
Yanvar-iyul aylarında ölkə üzrə 45 628 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 069 (63,7%) vergi ödəyicisi qeydiyyata alınıb. Bu ilin avqustun 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 520 986-ya bərabər olub.