Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 144 ölkə ilə 23,1 mlrd. ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 88,8%-i və ya 20,5 mlrd. dolları uzaq xarici ölkələr, 2,6 mlrd. dolları isə MDB ölkələri ilə həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ilin əvvəlindən ötən səkkiz ay ərzində xarici ölkələrə 16 mlrd. dollarlıq mal ixrac olunub, onun 94,5%-i və ya 15,1 mlrd. dolları uzaq xarici dövlətlərə, 0,9 mlrd. dolları və ya 5,5%-i MDB ölkələrinə göndərilib.
Ölkəyə idxal olunmuş məhsulların dəyəri 7,1 mlrd. dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 5,4 mlrd. dollar, Birlik dövlətlərindən idxal isə 1,7 mlrd. dollar olub.
Bu ilin səkkiz ayı ərzində 8,8 mlrd. dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9,7 mlrd. dollarlıq müsbət, MDB ölkələri ilə 852,4 mln. dollarlıq mənfi saldo yaranıb.
Xam neftin və qazın ixracına dair Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkətindən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 29,1 mlrd. dollar (o cümlədən, ixrac 22 mlrd. dollar) təşkil edib və 14,9 mlrd. dollar məbləğində müsbət saldo yaranıb. Yanvar-avqust aylarında ölkəyə 16,1 mln. dollar məbləğində humanitar və texniki yardım daxil olub.