Bakı. Anaxanım Hidayətova - APA. “Mayın 13-də keçiriləcək "Ərəb ölkələri ilə Orta Asiya və Azərbaycan Respublikasında əməkdaşlıq və iqtisadiyyat üzrə Birinci Forum" əlaqələrinin güclənməsində ilk ciddi bir addım olacaq”.
APA-nın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin İbrahim əs-Süleym deyib.
O ümid etdiyini bildirib ki, forum davamlı olacaq, gələcəkdə sessiyaları başqa ölkələrdə keçiriləcək: “Düşünürük ki, gələn il forum Orta Asiyanın hansısa ölkəsində keçiriləcək. Forumun keçirilməsi iştirakçıların istəyinə bağlıdır. Hansı ölkə forumun orda keçirilməsini istəsə, bu haqda müraciət edir. Məndə olan məlumata görə, gələn il forum Tacikistanda keçiriləcək”.
Səfir qeyd edib ki, forumun sonunda ər-Riyad bəyannaməsi qəbul olunacaq: “Səudiyyə Ərəbistan Krallığı tərəflər arasındakı iqtisadi, ictimai, mədəni və tarixi əlaqələrdən istifadə etmək üçün birgə plan və aydın proqramların hazırlanmasını zəruri hesab edir. Ümumiyyətlə, tədbir çərçivəsində Səudiyyə Ərəbistanı, Orta Asiya və Azərbaycan əməkdaşlıq haqqında saziş imzalayacaq. Həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli vergilərin aradan qaldırılması barədə sazişin imzalanması gözlənilir”.