Bank Of Baku

Azərbaycanla Yaponiya hökumətləri sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş imzalayacaq

Azərbaycanla Yaponiya hökumətləri sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş imzalayacaq
# 21 oktyabr 2014 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “İtochu” korporasiyasının vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb. İndiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir.

 

Ş. Mustafayev əlaqələrin inkişafında Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini, eləcə də iş adamlarının iştirakı ilə keçirilən biznes forum, işgüzar görüş və sərgilərin rolunu qeyd edib. Bildirilib ki, “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.

 

Görüşdə diqqətə çatdırılmışdır ki, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib və sənayenin inkişafı üçün tədbirlər həyata keçirilir. Azərbaycanın filiz yataqları ilə zəngin olduğunu qeyd edən nazir ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirib. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında müqavilə imzalanmış və şirkət Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin təşkili ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində işlərin aparıldığını vurğulayan Ş. Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb.

 

Y. Kobayaşi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında bu il Yaponiyada VIII iclası keçirilən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini diqqətə çatdıran Y. Kobayaşi rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə də məlumat verib.

 

Şirkətin sənaye sahəsində ixtisaslaşdığını bildirən Yoiçi Kobayaşi bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR