Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarlarında neftin qiyməti, valyuta mübadiləsində məzənnələrin dəyişməsi bir çox ölkənin iqtisadiyyatına təsir edir.
“APA-Economics”in xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən II iş sessiyasında AİB-in Rəhbərlər Şurasının hazırkı sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
O, təcrübə mübadiləsi aparmaq üçün bu cür görüşlərin bir platforma yaratdığını diqqətə çatdırıb.
“Müxtəlif ölkələrin iqtisadiyyatının inkişafına mane olan risk faktorları var. Xüsusilə, təbii fəlakətlərin baş verməsi inkişaf üçün böyük təhlükə yaradır. Bu istiqamətdə lazımi tədbirlər görülməsə, böyük risklərlə üzləşə bilərik. Bu regionda bu cür sərmayə qoyuluşuna daha çox ehtiyac var. Bu baxımdan AİB əlverişli mövqedədir və bu mövqedən çıxış edərək bu çağırışlara cavab verə bilər. Eyni zamanda, AİB inklüziv iqtisadiyyatın artımı və təbliği ilə məşğul ola bilər. Düşünürük ki, AİB gələcəkdə innovativ islahatları həyata keçirməlidir. Beləliklə, regional əməkdaşlıq təşviq oluna bilər. Davamlı iqtisadiyyata nail olmaq üçün dövlət-özəl tərəfdaşlığını gücləndirmək lazımdır. Daha çox özəl sərmayələrə üstünlük verilməlidir. Azərbaycan bu təşəbbüslərə dəstək verir. Düşünürük ki, bankın kredit vermə potensialını artırmaq lazımdır”, - deyə S.Şərifov bildirib.
Qlobal bazarlarda müşahidə olunan tərəddüdlüyün hər bir ölkəyə təsir göstərdiyini deyən S.Şərifov bildirib ki, Azərbaycan da istisna deyil.
Nazirin sözlərinə görə, dünyada baş verən maliyyə böhranlarına baxmayaraq, Azərbaycan dinamik inkişafa nail olub: “Azərbaycan Mərkəzi Bankı son 10 ildə dinamik artımı nəzərə alaraq valyuta məsələsinə daha da sabit yanaşmağa imkan yaradıb. Bizim sərmayə reytinqimiz bütövlükdə 3 agentlik tərəfindən hələ də yüksək səviyyədə qiymətləndirilir. Bu o deməkdir ki, bu reytinq sabitdir. Məqsədimiz iqtisadiyyatımızı daha da genişləndirmək, AİB və digər tərəfdaşlarla birlikdə bunu inkişaf etdirməkdir. Azərbaycanı iqtisadiyyatı ilə tərəfdaşlarımızın iqtisadiyyatı bu yanaşma ilə üst-üstə düşür. Yəni, digər Asiya ölkələri kimi, Azərbaycan da yoxsulluğun azaldılması, insanların həyat səviyyəsinin yüksəldilməsi, inklüziv sabit iqtisadiyyatın qurulmasına çalışır. Azərbaycan AİB-in gələcəkdə sabit və güclü təşkilat olmasını dəstəkləyir”.
AİB prezidenti Takehiko Nakao da qeyd edib ki, bu toplantı vəziyyətin konstruktiv yolla müzakirə olunması və dəyişdirilməsinə imkan yaradır. Onun fikrincə, bu müzakirələr sayəsində AİB daha sürətlə inkişaf edəcək.
“Üzv ölkələr diqqəti yoxsulluğun azaldılması və inklüziv artıma yönəltməlidir. Asiya və Sakit Okean regionunda 2 mlrd. 200 mln. yoxsul var. Bu rəqəm qəbul olunmazdır. Yoxsulluq dərəcəsinin 40% azaldılmasına nail olunmalıdır. Bu məqsədə səmərəli iqtisadi siyasət nəticəsində nail olmaq olar. Bundan başqa, iqtisadi artımın keyfiyyəti məsələsinə diqqət verilməli, təhsilə və səhiyyəyə maliyyə dəstəyi göstərilməli, dövlət quruculuğu sahəsində bilik və bacarıqlar təkmilləşdirilməli, kənd təsərrüfatı sahəsi daha da inkişaf etdirilməlidir. Bunun üçün regional əməkdaşlıq və inteqrasiyanı təşviq etməliyik”, - deyə AİB prezidenti bildirib.
Daha sonra AİB-in 2016-cı ildə Almaniyada keçiriləcək 49-cu İllik Toplantısının Təşkilat Komitəsinin üzvləri seçilib. Əfqanıstan, Avstraliya, Çin Xalq Respublikası, Almaniya, Yaponiya, Malayziya, Niderland, Pakistan, Portuqaliya, Tonqa, ABŞ və Vanuatu Təşkilat Komitəsinə daxil olub.
AİB Rəhbərlər Şurasının 49-cu İllik Toplantısına sədrliyi Almaniya edəcək. Banqladeş və Timor-Lestedən olan nümayəndə heyətinin rəhbərləri Rəhbərlər Şurasının sədr müavinləri seçilib.
Bununla da, Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində II iş sessiyası başa çatıb.
Gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 49-cu İllik Toplantısı Frankfurtda keçiriləcək.