Bakıda “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi” mövzusunda İslam İnkişaf Bankının və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə seminarı keçirilir.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarın ilk günündə ticarət mövzuları müzakirə edilib. Bu sıraya ÜTT-nin tarixi və funksiyaları, ÜTT-in əsas sazişləri, Azərbaycanın ÜTT-yə üzv olması prosesinin hazırkı vəziyyəti və dövlətlərin ÜTT-yə üzv olmaqda əsas məqsədləri daxildir.
Sabah isə seminarda ÜTT-yə üzvlüklə bağlı danışıqlar aparan qrupun üzvləri iştirak edəcək. Bu xüsusda müzakirə ediləcək əsas məsələlər hazırda danışıqlar mövzusu olan kənd təsərrüfatı, ticarətin asanlaşdırılması, sanitar və fitosanitar tədbirlər, ticarətə texniki maneələr, xidmətlər sahəsində tətbiq edilən tənzimləyici qaydalar, ÜTT çərçivəsində enerji məsələləri və digər məqamlar olacaq.
Seminarda müvafiq dövlət qurumlarından 50-dək əməkdaş iştirak edib.