Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yeni baxış” mövzusunda beynəlxalq konfrans keçirilir.
“APA-Economics”in xəbərinə görə, konfransda çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycanda qiymətli kağızlar bazarı, onun maliyyə sisteminə, fiskal siyasətinə təsiri və rolu barədə danışıb.
S.Şərifov bildirib ki, 1998-ci ildən etibarən QKDK-nın fəaliyyət dövrü ərzində ölkədə mütəşəkkil fond bazarı yaradılıb və hazırda bu bazar fəal inkişaf edir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın əsas makroiqtisadi göstəriciləri barədə məlumat verib və bildirib ki, iri həcmdə olan strateji ehtiyatlar, makroiqtisadi sabitlik, stabil valyuta siyasəti kimi amillər ölkədə müasir və inkişaf edən qiymətli kağızlar bazarının fəaliyyəti üçün əsas yaradır.
QKDK sədri Rüfət Aslanlı Azərbaycanda fond bazarının yaradılmasının tarixi və hazırkı durumu barədə məlumat verib. Bildirilib ki, qiymətli kağızlar bazarı ölkədə maliyyə sisteminin fəaliyyətində böyük rol oynayır, o cümlədən kapital bazarının imkanları ölkənin iqtisadiyyatı üçün çox vacibdir: “Azərbaycanda fond bazarı özəlləşdirmə prosesində yaradılmağa başlayıb və hazırda müasir texniki tələblərə cavab verən, investorlar, emitent və digər bazar iştirakçıları üçün imkanlar yaradan maliyyə sisteminin bir seqmentidir”.