Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan Bank Ombudsmanı sentyabrdan fəaliyyətə başlayacaq.
“APA-Economics” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, hazırda banklara ombudsmanla əməkdaşlıq üçün “Bank müştəriləri ilə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamaq barədə sorğu göndərilib.
Qeyd edək ki, bu maliyyə qurumun başlıca məqsədi və vəzifəsi müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsini təmin etməkdir. Bank Ombudsmanı banklar və müştərilər arasında vasitəçilik edərək həm kreditlərin ödənişi, həm də əmanətlərin qaytarılması ilə bağlı meydana çıxan çətinlikləri həll etməyə çalışacaq. İlkin mərhələdə ombudsmanın 2 min dollar və 3 min manat məbləğində olan maliyyə mübahisələrinə baxması nəzərdə tutulub.
Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev yeni strukturun yaradılması sayəsində banklarla müştərilər arasında yeni münasibətlərin formalaşacağına əminliyini bildirib. Z.Nuriyev bildirib ki, vətəndaşların böyük bir qisminin maliyyə sahəsində yetərincə məlumatlı olmaması onların problemlərlə üzləşməsinə gətirib çıxarır: “Yeni institutun insanlara hüquqi biliklərin verilməsi və onların qanunvericilik, qaydalar və təlimatlar haqqında məlumatlandırılması sahəsində pulsuz xidmət göstərməsi yarana biləcək mübahisələrin də azalmasına səbəb ola bilər”.