Bank Of Baku

DGK sədri Moskvada bir sıra görüşlər keçirib

DGK sədri Moskvada bir sıra görüşlər keçirib
# 08 dekabr 2016 13:55 (UTC +04:00)

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyasında iştirak edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

 

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinlə görüşdə iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə olunub, bu əlaqələrin davamlılığının təmin edilməsində gömrük orqanlarının rolundan bəhs edilib.

Görüşdə Azərbaycan-Rusiya sərhədindəki vəziyyət müzakirə olunub və sərhədkeçmə prosesində yaranan problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən birgə səylər müsbət qiymətləndirilib, gələcəkdə bu kimi halların yaşanmaması ilə bağlı qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi vurğulanıb.

 

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kuniyo Mikuriya ilə görüşdə təşkilat ilə DGK-nin əməkdaşlıq əlaqələri müzakirə edilib.

 

Bundan başqa, Ümumdünya Gömrük Təşkilatında keçirilən seçkilərdə şəffaflığın təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

A. Əliyev təşkilatın rəhbərini DGK-nin 25 illik yubiley tədbirlərində görməkdən məmnunluq duyacağını da ifadə edib.

 

Ümumdünya Gömrük Təşkilatının potensialın gücləndirilməsi üzrə direktoru Ernani Çeçuçi ilə görüşdə Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlərdən, eyni zamanda, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətindən, ofisin bölgə ölkələrinin gömrük əməkdaşlarının peşə hazırlığının artırılmasındakı rolundan bəhs olunub. Komitə sədri indiyədək ÜGT-nin Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində bir sıra regional və beynəlxalq tədbirlərin, o cümlədən Əfqanıstan gömrükçüləri və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün seminarların keçirildiyini bildirib.

 

A. Əliyev ÜGT nümayəndəsinə Azərbaycan gömrük orqanlarının tezliklə 25 illik yubileyinin qeyd olunacağını və yubiley tədbirlərində onun da iştirakından məmnunluq duyacağını ifadə edib.

 

Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri, Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdovla görüşdə ÜGT çərçivəsində Azərbaycan-Rusiya əlaqələrindən məmnunluq ifadə edilib və bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində bundan sonra da bütün zəruri addımların atılacağı bildirilib, eləcə də komissiyanın iclasında müzakirə edilən məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Avstriya Gömrük Xidmətinin rəhbəri, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə sədr müavini xanım Bettina Vogl-Lang ilə görüşdə də Azərbaycan və Avstriya arasındakı siyasi, iqtisadi əlaqələr müzakirə olunub, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində gömrük orqanlarının rolundan bəhs edilib.

 

Eyni zamanda, A. Əliyev bu il Qəbələ şəhərində keçirilən “Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransında avstriyalı nümayəndələrin də iştirakından razılığını ifadə edib.

 

Nəhayət, daha bir görüş Braziliya Gömrük Xidmətinin rəhbəri Ronaldo Medina ilə keçirilib.

 

Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr, gömrük sahəsindəki təcrübə və yeniliklər barədə müzakirələr aparılıb, qarşılıqlı əlaqələrin gücləndirilməsinin hər iki ölkə üçün fayda verəcəyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR